Miss & Mr. Sport

 

“Sportsman” jurnalı hər il olduğu kimi bu il də yanvar ayının sonunda dostları ətrafına topladı.   26.01.2024 tarixində “Marriott Abşeron” hotelində “Zəfər-2023” Beynəlxalq İdman Mükafatının (BİM) təqdimat mərasimi keçirildi. Ardıcıl olaraq 16 il keçirilən tədbirdə tanınmış idmançılar, məşqçilər, idman hakimləri, idman mütəxəssisləri,  idman veteranları, idman ictimaiyyəti, media nümayəndələri, iş adamları, estrada ulduzları və qazilər də iştirak edirdi. Tədbir şəhidlərimizin anımı ilə başladı. Qonaqlar şəhidlərimizə rəhmət oxuyaraq, yaxınlarına səbr, qazilərimizə isə can sağlığı arzuladılar.

Sonra  “Zəfər-2023” Beynəlxalq İdman Mükafatının daimi aparıcısı olan Sənan Şəfizadə, Azərbaycan idmançılarının ötən il qazandıqları uğurlardan ətraflı məlumat verərək mikrafonu “Sportsman” jurnalının baş redaktoru Rəşad Qəmərşahoğluna ötürdü. Qonaqları salamlayan, 2023-cü ilin idmançılarımız üçün uğurlu olduğunu bildirən Rəşad müəllim, qalib idmançıları təbrik etdi: “Əziz idmançılar! Qarşıda Paris Olimpiadası gəlir. Sizə yeni-yeni möhtəşəm qələbələr arzulayıram. Bizə qələbə yaraşır!   Əziz dostlar! Bu gün jurnal üçün də əlamətdar bir gündür. Belə ki, “Sportman” jurnalının bu gün həm də 20 yaşı tamam olur. Ad günümüzü məhz Sizlərlə keçirməyə çox şadam və Sizi “zaman qatarında” 19 il əvvələ, “Sportsman” jurnalının 1 yaşına kiçik bir ekskursiya etməyə dəvət edirəm”.

Bundan sonra jurnalın 1 yaşından hazırlanmış videoçarx qonaqlara nümayiş olundu.

Mükafatın təqdimetmə mərasiminə başlamazdan əvvəl isə qonaqları daha bir sürpriz gözləyirdi. “Sportsman” “KMF” və “BBM Production”la birgə daha bir yeniliyə imza atdı. Bu yenilik “Miss & Mister Sport Azerbaijan” gözəllik müsabiqəsinin keçirilməsi idi. Düzdür, bir neçə il əvvəl də “Sportsman” gözəllik müsabiqəsi keçirmişdi. Onda yalnız xanımların “idman gözəli” seçilmişdi. Bu dəfə isə adından da göründüyü kimi həm bəylər, həm də xanım idmançıların müsabiqəsi qonaqlara təqdim olundu. İdman və ziyafət geyimlərində çıxış edən iştirakçılardan “Miss Sport Azerbaijan 2023” adına  Türkan Qüdrətli, “Second Miss Sport Azerbaijan 2023” adına Almaz Dövlətova, “Third Miss Sport Azerbaijan 2023” adına isə Jalə İbrahimli layiq görüldü. Bəylərin müsabiqəsində isə “Mister Sport Azerbaijan 2023” adına Elnur Zeynalov,    “Second Mister Sport Azerbaijan 2023” adına Nicat Qurbanlı, “Third Mister Sport Azerbaijan 2023” adına isə Məhəbbət Qurbanov sahib çıxıb. Xatırladaq ki, müsabiqənin münsiflər heyəti 10 nəfərdən – 3-ü təşkilatçılardan, digər 7 nəfəri isə idman mütəxəssislərindən ibarət olub.

Site by Studio De-mar